ATİAHİ Səbail rayon komitəsinin təşkilatçılığı ilə 203 №li məktəbdə, Azərbaycan Maliyyə İqtisad Kollecində və Aviasiya və Avtomobil Nəqliyyat üzrə Bakı Dövlət Peşə Məktəbində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərdə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olan bütün oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildirib ki, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər, təhrif edilmiş hadisələr Azərbaycan müstəqillik qazandıqdan sonra özünün əsl siyasi-hüquqi qiymətini almağa başladı. Tariximizin belə səhifələrindən biri də azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. Qeyd olunub ki, “Böyük Ermənistan” yaratmaq xülyası ilə erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Vurğulanıb ki, 1918-ci ildə ermənilər yenidən soyqırıma əl atdılar. Həmin ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilən soyqırımları isə öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir.
Sonra Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən danışılıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən söz açılıb.