Səbail rayonunda Xocalı soyqırımı qurbanları anılıb
Səbail rayon 162 №-li tam orta məktəbdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmiş tədbir kecirilib.
ATİAHİ Səbail rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin rəhbərliyi və kollektivi iştirak edib.
Öncə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitənin sədri Mukafat Abbasov cıxışında bildirib ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb: “Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü”.
M.Abbasov qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir: “Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir”.
Məktəbin direktoru Arzu Nəzərova azərbaycanlılara qarşı törədilmiş erməni terrorundan və təcavüzkarlıq siyasətindən danışıb. Vurğulayıb ki, Xocalı faciəsi təsadüfi hadisə deyil: “Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi”.
Tədbir Gənclərin Respublika və Bədii Yaradıcılıq Evinin Xocalı faciəsinə həsr olunmuş kompozisiyası ilə davam edib. 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo