Sentyabrın 30-da ATİAHİ Səbail rayon komitəsi şəhidlərin Anım Günü ilə əlaqədar Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Əli Nurzadə ilə görüş keçirib.
Görüşdə çıxış edən rayon komitəsinin sədri Mükafat Abbasov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 2020-ci ilin 27 sentyabrında bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı: “44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu”. M.Abbasov Şuşanın azad edilməsində Əli Nurzadənin oğlu Rövşən Nurzadənin və digər şəhidlərimizin qəhrəmanlıqlarından da bəhs edib. Tədbirdə rayonun 239 №-li məktəbin direktoru Sədaqət Əzimova, həmkarlar ittifaqı təşkilatlarının sədrləri Vətən müharibəsində döyüşən əsgər və zabitlərimizin rəşadətindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, şəhid valideynlərinin dəyanətindən söz açıblar.
M.Abbasov Şuşada Rövşən Nurzadənin erməni zabitini xəncərlə məhv etdiyinə görə, onun atası Əli Nurzadəyə simvolik olaraq 150 il bundan əvvəl hazırlanmış qılınc hədiyyə edib. Ə.Nurzadə göstərilən diqqətə görə, toplantı iştirakçılarına təşəkkür edib, xalqımızın sarsılmaz birliyindən, döyüşən əsgərlərimizin rəşadətindən, şəhid ailələrinə olan dövlət qayğısından danışıb.