Martın 4-də ATİAHİ Səbail rayon komitəsi rayonun təhsil işçilərindən olan şəhid ailələri və qazilərlə görüş keçirib.
160 saylı “Klassik Gimnaziya”nın hərbi rəhbəri, Vətən müharibəsi qazisi palkovnik-leytenant Elnur İsayev, 162 saylı məktəbin hərbi rəhbəri, 1-ci Qarabağ müharibəsi qazisi mayor Sərvan Şirinov, 329 saylı məktəbin hərbi rəhbəri, Vətən müharibəsi qazisi palkovnik Eldəniz Niftiyev , 51 saylı məktəbin müəllimi, şəhid bacısı Aidə Kərimova, 49 saylı məktəbin “İntellekt” liseyinin müəllimi, qazi anası Ceyran İsgəndərova tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, qəhrəman Ordumuzun rəşadətindən, xalqımızın nümayiş etdirdiyi sarsılmaz birliyindən danışıblar.
ATİAHİ Səbail rayon komitəsinin sədri Mükafat Abbasov ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət və qayğısından söz açıb. Bildirib ki, onlara hər zaman dövlətimiz tərəfindən dəstək göstərilir. O eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbaliyevin şəhid ailələrinə və qazilərə xüsusi qayğısından danışıb.
Sonda tədbirdə iştirak edən şəhid ailələrinə və qazilərə hədiyyələr və pul mükafatı verilib.